Çünki paytaxt həyatı, qayğıları və xaosu arasında cüt olmaq, cütlük olmaq, xoşbəxt olmaq çox çətindir... Paytaxt səs-küyündən qurtulub vicdanının və ürəyinin səsini dinləmək imkansızdır...
Argentinalı yazıçı Kasaresin gənc, həyat eşqili alışıb yanan qəhrəmanları - kişi və qadın da – buna görə Nekosea sahilindəki mehmanxanalarını qoyub paytaxt Buenos-Ayresə qayıtmaq və hamı kimi olmaq istəmir...
Qalmaq... Bu da onlar üçün çıxış yolu deyil... Ayda bir müştərisi olan mehmanxananı işlətmək, vergi və üst-üstə yığılmış bu qədər borcla da xoşbəxt olmaq mümkün deyil axı...
Çıxış yolu.. Göydən dolu zənbillə enən -mələk... Mələk?.. Yoxsa Kasaresin ilham pərisi?..
Gənclər bir çamadan pul üçün bu yaşlı xanımı qətlə yetirir... Bəraətlər...Amma görəsən, öz xoşbəxtliyini kiminsə bədbəxtliyi ,cəsədi üzərində qurmaq olarmı?..
Qəflətən gələn eynəkli adam... Eynəkli adam, yoxsa Kasaresin özü ?Birinci cəsədin “ağırlığı”ndan qurtulmadan ikinci cəsəd...
Gəncləri izləyən daha bir həşərat... Və nəhayət, həşəratların və cəzaların ən böyüyü olan vicdan...
Heç bir günah cəzasız qalmır... Gənclər özləri-özlərinə ən böyük cəzanı kəsir... Vicdan adlı yükün altında əzilən kişi və qadın borclardan, polislərdən, həşəratlardan gizlənəndə, yaşlı xanımı öldürəndə etdikləri kimi, qapıları, pəncərələri bağlayır və özlərini də ölümə məhkum edirlər...
Rejissor Gümrah Ömərin Azərbaycan oxucusuna az tanış olan argentinalı yazıçı Adolfo Bioy Kaseresin “Qəbri necə qazırlar” əsəri əsasında səhnələşdirdiyi “Qəbil qazmaq üsulu” tamaşaçıdan bunu soruşmaq və öyrənmək istəyirdi “xoşbəxtlik məkanda, pulda, yoxsa insanların özündədir ?”.
Tamaşa boyu tamaşaçıya bu suallara cavab tapmaqda və bəzən cavabdan yayınmaqda təhkiyəçi və eynəkli adam (Vidadi Həsənov), onun yardımçısı olan yaşlı mələk (Sonaxanım Mikayılova), daimi daxili mübarizələri və tərəddüdləri ilə çarpışan qadın (Yaqut Paşazadə) və kişi (Oktay Mehdiyev) yardımçı , bəzən də mane oldular...
Leyla Əliyeva
Fotolar : Elnur Muxtar